Şəmkirdə tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin yekun ittihamı məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayon sakini 1979-cu il təvəllüdlü Ruslan Bayramovun ötən il oktyabrın 19-da öldürülməsi barədə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla 1990-cı il təvəllüdlü Mustafa Eyubovun aralarında yaranmış mübahisə zamanı Ruslan Bayramovun baş nahiyəsinə tüfəngdən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mustafa Eyubova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Comments