UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə “Qarabağ” arasında keçiriləcək cavab oyununu idarə edəcək Uilyam Kollam 5-ci dəfə Azərbaycan komandalarının oyununda ədaləti qoruyacaq.
Şotlandiyalı referi Azərbaycan millisinin üç, “Neftçi”nin isə bir rəsmi görüşündə iş başında olub.
Kollam ilk olaraq DÇ-2010-un seçmə mərhələsində yığmanın Finlandiya ilə səfər qarşılaşmasında fit çalıb. 2008-ci il oktyabrın 11-nə təsadüf edən görüşdə ev sahibləri penaltidən vurduqları yeganə qol sayəsində qələbə qazanıblar. Şotlandiyalı həmin matçda 5 dəfə əlini cibinə atıb ki, bunun üçündə Azərbaycan oyunçularına (Branimir Subaşiç, Saşa Yunisoğlu, Araz Abdullayev) sarı vərəqə göstərib.
Kollam AVRO-2016-nın seçmə mərhələsi üçün bu dəfə Bakıya səfər edib. 2015-ci il oktyabrın 10-da milli Bakı Olimpiya Stadionunda İtaliyaya 1:3 hesabı ilə uduzub. Bu oyunda Maksim Medvedev sarı, Bədavi Hüseynov qırmızı vərəqə ilə cəzalandırılıb.
Uilyam Kollamın Bakıya növbəti səfərini də uğurlu saymaq olmaz. Avropa Liqasının 2021/2022 mövsümündə o, III təsnifat mərhələsinin “Neftçi” – HIK (Finlandiya) qarşılaşmasına təyinat alıb. 2021-ci il avqustun 3-dəki görüş 2:2 hesabı ilə yekunlaşıb və cavab matçında 3:0 hesablı qələbə qazanan finlandlar mərhələ adlayıblar. Xəyal Nəcəfov, Harramiz Soares və Fəhmin Muradbəyli şotlandiyalı referinin sarı vərəqə göstərdiyi oyunçular olublar.
UEFA 2022-ci ildə də Azərbaycan yığmasının matçını Kollama həvalə edib. O, Millətlər Liqasının qrupunda sentyabrın 22-də Slovakiya ilə səfər görüşündə ədalət təmsilçisi olub. Yığmamızın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hazırda “Qarabağ”da çıxış edən Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, eləcə də Amin Seydiyev sarı vərəqə alıblar.
44 yaşlı Villiam Kollam 2006-cı ildən FIFA referisidir.
Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Comments