top of page

Ötən il Azərbaycanda 491 nəfərin əlillik təyinatı ləğv edilib


Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı araşdırmalar üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış 491 nəfərin əlillik təyinatı ləğv edilib.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, həmin şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb.

Bu kimi halların qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir. Qeyd olunan faktların araşdırılması zamanı müəyyən edilmiş hallar üzrə ötən dövr ərzində toplanmış materiallar hüquqi qiymətin verilməsi məqsədilə Respublika Baş Prokurorluğuna təqdim edilib. Toplanmış materiallar üzrə vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını talama cinayətlərinin tərkib əlamətləri müəyyən edildiyindən faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

2022-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 19,9 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb ki, bu da 2021-ci illə müqayisədə 8% çoxdur. Onlardan orqanizmin funksiyalarının 85-100% pozulmasına görə (I dərəcə) ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 2,5 min nəfər, 65-80% pozulmasına görə (II dərəcə) ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 7,1 min nəfər, 35-60% pozulmasına görə (III dərəcə) ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 5.9 min nəfər olub ki, bu da 2021-ci illə müqayisədə 85-100% (I dərəcə) üzrə 61% çox, 65-80% (II dərəcə) üzrə təqribən eyni sayda, 35-60% (III dərəcə) üzrə isə 12% çox olub.

Əlilliyi müəyyən olunmuş şəxslərdən 4,4 min nəfəri ilkin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar olub.

Hesabat dövründə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 37,5 min nəfər üzrə təkrar əlillik təyinatı aparılıb.

Comments


bottom of page