top of page

Yaponiyanın Baş naziri ABŞ Prezidenti ilə görüşmək üçün Vaşinqtona səfər edəcək


Yaponiyanın Baş naziri Yoşihide Suqa ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün aprelin birinci yarısında Vaşinqtona səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib. Qeyd edilib ki, beləliklə, Yaponiyanın Baş naziri Yoşihide Suqa cari ilin yanvarında ABŞ Prezidenti seçilən Co Baydenlə görüşən ilk əcnəbi lider olacaq.

K.Katsunobu qeyd edib ki, hər iki tərəf koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə vahid mövqe nümayiş etdirir. Yaponiya nümayəndə heyətinin tərkibində təqribən 90 nəfərin olacağını qeyd edən Baş katib bildirib ki, Baş nazir də daxil olmaqla, onların hamısına səfər ərəfəsində iki doza vaksin vurulacaq.

Qeyd edək ki, Y.Suqa martın 12-də hökumətin və hakim koalisiyanın rəsmi nümayəndələrinin görüşü zamanı bu səfərdən Yaponiya-ABŞ ittifaqını daha da inkişaf etdirmək üçün istifadə etməyə çalışacağını deyib.

Baş nazir ümid etdiyini bildirib ki, C.Baydenlə görüş zamanı hər iki tərəfin müxtəlif məsələlərlə bağlı fəaliyyətini əlaqələndirmək barədə razılıq əldə olunacaq. Y.Suqa belə məsələlər sırasında iqlim dəyişmələri, Çinlə bağlı problemlər, Şimali Koreya tərəfindən oğurlanan Yaponiya vətəndaşları mövzularının xüsusi yer tutacağını da bildirib.


Commentaires


bottom of page