"Bu qarşılaşma mənim üçün çox əhəmiyyətlidir. Qələbə qazanacağıma inanıram".
Bunu açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin 41" turnirində Yaponiya təmsilçisi Yoşinori Horieyə qarşı keçirəcəyi görüşlə bağlı danışarkən deyib.
66 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı artıq üç aydır ki, bu duelə hazırlaşdığını bildirib: "İki ay əvvəl rəqibim müəyyənləşdi. Onu yaxşı analiz etmişik. Bu dueldə qələbə qazandıqdan sonra kəmər uğrunda döyüşəcəyəm. Yaponiya idmançısını yaxşı tanıyıram, görüşlərini izləmişəm. Qarşılaşmaya da yaxşı hazırlaşdığımı düşünürəm. Rizində 4 qələbəm var. Ümid edirəm ki, bu, 5-ci olacaq".
Kərəmov gələcəkdə UFC-də və ya digər təşkilatlarda çıxış etmək ehtimalı barədə danışıb: "Rizinlə üç döyüşlük, ilin sonunadək müqaviləm var. Sözləşməm bitəndən sonra karyeramı harada davam etdirəcəyimlə bağlı qərar verəcəyik. Hələlik bu barədə dəqiq söz deyə bilməyəcəyəm".
Qeyd edək ki, Vüqar Kərəmov və Yoşinori Horie arasındakı döyüş aprelin 1-də Yaponiyanın Osaka şəhərində səhər saatlarında baş tutacaq.
Comments