Avstriyanın paytaxtı Vyanada fevralın 26-da 30-dan çox ölkədən olan Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” mitinqi keçiriləcək.
Riqada fəaliyyət göstərən “Azəri” Gənclər Mərkəzinin sədri Amil Səlimov “Report”un Baltikyanı bürosuna bildirib ki, mitinqdə Latviyadakı Azərbaycan diasporunun nümayəndələri də iştirak edəcək.
“Mitinq Avropa ictimaiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinə Xocalı qətliamını bir daha xatırlatmaq, bu qətliama ədalətli qiymət verilməsini tələb etmək məqsədilə təşkil olunub”, - A.Səlimov bildirib.
Xatırladaq ki, 2015-ci il fevralın 26-da Latviya Seymi Xocalı faciəsi ilə bağlı 53 deputatın imzası ilə onu pisləyən və insanlığa qarşı cinayət kimi səciyyələndirən bəyanat qəbul edib.
1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Qarabağın Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı qətliam həyata keçirib. Ermənilər 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalını atəşə tutaraq şəhərə üç tərəfdən hücum ediblər. Mülki şəxslər meşəyə tərəf qaçsalar da, yol boyu onların çoxu erməni hərbçiləri tərəfindən vəhşicəsinə öldürülüb.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Comentarios