"Türkiyə Skandinaviya ölkələrində İslama qarşı yönəlmiş fəaliyyətlərə icazə verilməsini qəbuledilməz hesab edir".
Mugantv "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.
"Antisemitizm və islamofobiya da bəşəriyyətə qarşı cinayətdir. Bunların ümumbəşəri normalarla heç bir əlaqəsi yoxdur", - nazir deyib.
Öz növbəsində, NATO-nun Baş katibi İsveçdə islamafobiya təzahürlərini pisləyib və bu ölkənin baş nazirinin müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması ilə bağlı təxribatı qınadığını xatırladıb.
Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb. Bundan sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç NATO-ya üzvlük mövzusunda Türkiyənin dəstəyinə ümid edə bilməz.
Alyansın genişlənməsi məsələsinə toxunan Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istiqamətində mühüm addımlar atdığını bildirib.
"Eyni zamanda, Türkiyənin təhlükəsizlik sahəsində narahatlığını haqlı sayıram. Üçtərəfli Memorandumun müddəalarından biri də terrorla mübarizə ilə bağlı idi. Eyni zamanda, hesab edirəm ki, hər iki dövlətin müraciətlərini təsdiq etməyin vaxtı çatıb", - Stoltenberq bildirib.
Comments