Bu gün günorta saatlarında Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Muğan TV xəbər verir ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlərə görə həkim nəzarətində olub. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Məlumat üçün bildirək ki, Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub. Rəmiş son nəfəsinədək Güllü Hüseynovayla evli olub. Rəmiş bu evlilikdən öncə, iki dəfə evlilik həyatı sürüb. Onun iki qızı və bir oğlu var. Rəmiş öz atasının Hüseyn adını oğluna verib. Oğlu Hüseyn erkən vəfat edib.
Əsasən Ağdamda toyları Rəmişsiz təsəvvür etmək olmazdı. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olub. Xalq artistləri Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət edib. O, bir çox dahi şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak edib. Onun özünəməxsus, əvəzsiz yolu və gitaranı yaşatması, onun qəmgin və yaddaşlardan çıxmayan çalğısı onu xalqa sevdirdi. O, muğamatımızı əla bilir və onu özünəməxsus şəkildə yaşadır.
Rəmiş 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Əməkdar artist" fəxri adına, 2014-cü ildə "Xalq artist" fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
Comments