"Sosial mediadan istifadə məhkəmələrə olan etimadı zədələyəcək formada olmamalıdır".
Mugantv xəbər verir ki, bunu “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sosial media həyat və fəaliyyətimizdə müəyyən rola malikdir:
"Sosial media bizə müxtəlif üstünlüklər təmin etməklə yanaşı, məhkəmə fəaliyyəti ilə əlaqədar müstəqillik, qərəzsizlik və dürüstlük prinsiplərinin pozulmasına gətirib çıxara biləcək risklər də yaradır. Xüsusilə də məhkəmə fəaliyyətinə cəmiyyətin və ya ayrı-ayrı qrupların sosial media vasitəsilə müdaxilə və təsir etməsi yəqin ki, hər bir ölkənin qarşılaşdığı problemdir".
O bildirib ki, sosial mediadan bu qaydada istifadə yolverilməzdir və məhkəmə fəaliyyətinə müdaxilə qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olmalıdır.
“Söz və ifadə azadlığının hər bir cəmiyyətdə ən təməl hüquqlardan biri olduğunu hamımız qəbul edirik. Lakin sosial mediadan istifadə məhkəmələrə olan etimadı zədələyəcək formada olmamalı, icraatda olan məhkəmə işlərinə müdaxilə və təsir şəklində aparılmamalı, yekunlaşmış məhkəmə icraatları üzrə çıxarılmış qərarların qanuniliyi və ədalətliliyi istehza predmetinə çevrilməməlidir", - R.Rzayev əlavə edib.
Comments