“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünyada ən uzun müddət bir klubda çalışan 5-ci mütəxəssisdir.
51 yaşlı məşqçi 15 ildir Ağdam klubuna rəhbərlik etməklə buna nail olub.
Hazırda fəaliyyətini davam etdirənlər arasında onu cəmi 4 həmkarı qabaqlayır. Bu baxımdan rekordçu cənubi afrikalı Como Sonodur. 68 yaşlı mütəxəssis 1983-cü ildən bəri, yəni 40 ildir ölkəsində “Como Kosmos” klubunun baş məşqçisidir.
İngiltərənin aşağı liqasında fəaliyyət göstərən Brent Peters 25 ildir “Bakup Boro”nu oyunlara çıxarır. Şimali irlandiyalı Stefen Bakster 18, almaniyalı Frank Şmidt isə 16 ildir ki, eyni klubun sükanı arxasındadır.
ABŞ komandası “Sportinq Kanzas-Siti”yə 2009-cu ildən rəhbərlik edən Peter Vermes klubu ilə müqavilə müddətini yenicə 2028-ci ilə qədər uzadıb. O, dünyanın ən uzunmüddətli məşqçiləri siyahısında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 8 dəfə Premyer Liqanın, 5 dəfə Azərbaycan Kubokunun qalibi olub.
1. Como Sono (“Como Kosmos”, Cənubi Afrika) – 40 il
2. Brent Peters (“Bakup Boro”, İngiltərə) – 25 il
3. Stefen Bakster (“Kruseyders”, Şimali İrlandiya) – 18 il
4. Frank Şmidt (“Heydenheym”, Almaniya) – 16 il
5. Qurban Qurbanov (“Qarabağ”, Azərbaycan) – 15 il
6. Simon Viver (“Harroqit Taun”, İngiltərə) – 14 il
7. Peter Vermes (“Sportinq Kanzas-Siti”, ABŞ) – 14 il
Comments