top of page

“Qarabağ mövzusu mənim üçün çox həssasdır” – Gülnarə Xəlilova



“Hər zaman yaradıcılığımda milli maddi-mənəvi dəyərlərimizə geniş yer verirəm. Bu illərdir məşğul olduğum bir işdir. Fəaliyyətimə 1999-cu ildən başlasam da, ilk olaraq 2006-cı ildən dizaynerlər arasında milli geyim kolleksiyamı yaratdım”.


Bunu Muğan TV-yə açıqlamasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova deyib. O, bildirib ki, milli geyim kolleksiyasını yaratdığı zaman milli üslubların və ornomentlərin müasir geyimlərdə təsvirini təqdim edib:


“Qarabağ kolleksiyamı 2015-ci ildən yaratdım. Demək olar ki, kolleksiya dünyanın bir çox ölkələrində (İngiltərə, Çin, Rusiya, Qırğızıstan və s.) nümayiş olundu. Bu il onu Amerika platformasında, dünyaca məşhur brendlərin iştirakı olan böyük bir platformada da təqdim etdim. Eləcə də ABŞ televiziya kanallarının birində yayımlanan kolleksiyalara 77 milyon baxış olub”.


Yaradıcılığında Qarabağ mövzusunun çox həssas yer olduğunu söyləyən G.Xəlilova, hazırda bir neçə Qarabağ xalçalarının üzərində işlədiyini qeyd edib:


“Yaradıcılığımda yeniliklər çoxdur və hər zaman Qarabağ mövzusuna geniş yer ayırmışam. Həmçinin onu da nəzərə alaq ki, “Qarabağ xalçaları”nın tayı-bərabəri olmayıb. Hazırda bir neçə xalçanın üzərində iş prosesi gedir. Bu, çox da asan proses deyil. Yaradıcılığımda başqasının işini təkrarlamağı sevmirəm. Hər zaman işimi sevərək, fərəhlə edirəm.


Ümumiyyətlə, işini, peşəsini sevən insan gördüyü işləri sevgiylə edir. Bu da ancaq uğura gətirib çıxardır. Gələcəkdə çox planlarımız var. Bilirsiniz ki, bütün kolleksiyalarım məhz milli ruhda hazırlanır və bu mövzuya toxunan ilk dizaynerəm. Məsələn, “Turan” , “Novruz”, “Gəncliyin səsi” kolleksiyam-bunların hər birində bizim milli mənəvi dəyərlərimiz cəmlənir. Bu, gənc nəsilə ötürülən bir mirasdır. Gənclərdə bu sevgini yaratmaqda çox böyük töhfəm oldu”.


Modelyer onu da əlavə edib ki, gənclər milli geyim mövzusuna olan fikirlərin ağırlığından düşünürlər ki, bu geyimlərin daşınması çətin olar:

“Bu mövzularda narhatçılıqlar olurdu. İlk olaraq, kolleksiyamı yaratdığımda görüntünü saxlayaraq, onun rahat və daşınma tərəflərini təqdim etdim. Çünki geyimin günümüzdə rahat daşınması çox vacibdir. Onu da deyim ki, keçmişlə bu gün arasında xeyli fərq var.


Nəticədə həmin geyimləri yenidən sevdirməyi bacardım. Bu gün bu mövzulara toxunulubsa, mən burada öz əməyimi görürəm və bu məni çox sevindirir. Ümumiyyətlə, yaradıcılığımda milli geyim mövzusuna toxunanda bir şüarla çıxış etdim: “Hər zaman Azərbaycan milli geyim günün keçirilməsinin təşşəbüskarıyam və arzusundayam!””


Esmira Turan

Elnur Ağayev Muğan TV

Comments


bottom of page