"Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır".
Bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Bakıda Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi bildirib ki, matçın mahiyyətini hər kəs dərk edir: "Xüsusi qeyd etməli bir şey yoxdur. Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ", həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər kəsi oyuna dəvət edirəm. Hər iki komanda üçün dəstək lazımdır. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq".
O, natamam heyətlə oynamağın çətin olmayacağını söyləyib: "Biz hər zaman gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Vəziyyət məcburiyyətdən belədir. Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiyənin ən yaxşı komandasına qarşı "Qarabağ"ın adı üçün oynayacağıq".
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Comments