Prezident İlham Əliyevin siyasətinin mərkəzində sadə Azərbaycan vətəndaşı dayanır və bu siyasətin təməl prinsipini humanizm təşkil edir. Məhz həyata keçirilən siyasətin nəticəsi idi ki, müqəddəs Vətən müharibəsi başlayan zaman Ali Baş Komandanımızın çağırışına hər bir azərbaycanlı sidq ürəklə cavab verdi. Gənclərimiz son damla qanına qədər torpaqlarımız uğrunda döyüşə atıldılar və 44 günlük döyüşlərdə qürur mənbəyimiz olan Zəfər qazandıq.
Bu fikirləri AZƏRTAC–a açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin humanist siyasətinin təzahürü olaraq cəza siyasətində humanistləşdirmə və cinayətlərin dekriminallaşdırılması ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilib, alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri kimi mühüm dəyişikliklər qəbul edilib.
“Dəyişikliklərə əsasən bəzi əməllərə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılıb, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunub, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə bəzi alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları daxil edilib. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxılaraq, Prezident tərəfindən imzalanmış “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam xalqımızın milli birlik, milli humanizm bayramı olan Novruz bayramına yeni bir rəng qatdı, yeni bir çalar gətirdi”, - deyə o vurğulayıb.
Ramiz Hüseynov bildirib ki, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülməklə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunub və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.
O deyib: “Dövlət başçısının imzaladığı əfv Sərəncamı yüzlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında daha təmiz bir səhifə açmağa imkan verəcək. Bu mənada, Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı bu Sərəncam ölkə həyatında ictimai-siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirilir. Təbii ki, imzalanmış Sərəncam respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını daha da artırır”.
Comments