top of page

Prezident İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mugantv xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd etdi və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.

İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini dedi. Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Commentaires


bottom of page