Naxçıvandan Türkiyəyə fevralın 8-dən 13-dək 52 TIR humanitar yardım göndərilib.
Zəlzələdən zərərçəkən insanlara bütün ölkə vətəndaşları kimi Muxtar Respublika sakinləri də yardım etməyə başlayıblar.
Naxçıvan Muxtar Respublikasındakı qurumlar, təşkilatlar, sahibkarlıq subyektləri və muxtar respublika sakinləri tərəfindən zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə ötən müddət ərzində müxtəlif nəqliyyat vasitələri ilə kişi, qadın, uşaq paltarları, uşaq bezləri, ədyallar, müxtəlif növ ərzaq məhsulları, müxtəlif ölçülü xalçalar, döşək dəstləri, müxtəlif növ təmizlik məhsulları, qızdırıcı sobalar, elektrik plitələri, əl fənərləri, müxtəlif ölçülü çadırlar, kontenynerlər, çarpayılar, plastik oturacaqlar, plastik qablar, dərman preparatları, generatorlar, müxtəlif növ mineral sular və digər zəruri avadanlıqların Türkiyədə zəlzələ bölgəsinə göndərilməsi təmin edilib.
Həmçinin, Naxçıvan şəhərində Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə ehsan verilib, zəlzələdən dünyasını dəyişənlərin ruhlarına dualar oxunub, yaralılara şəfalar diləyiblər.
Naxçıvandan Türkiyəyə göndərilən humanitar yardımın ümumi dəyəri 14 milyon 774 min 631 manat təşkil edir.
Comments