Milli Məclis “Avtomobil nəqliyyatı haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişiklik layihələrini III oxunuşda qəbul edib.
Hər iki qanuna dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, Azərbaycanda avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) “bir pəncərə” sistemi vasitəsi ilə həyata keçiriləcək.
Təklif edilən dəyişikliyə əsasən xüsusi icazənin verilməsi üçün elektron xidmət təşkil ediləcək və daxil olan müraciətə aidiyyəti üzrə baxılması üçün müraciət həmin qurumlara elektron sistem üzərindən yönləndiriləcək.
Mümkün sui-istifadə hallarının istisna edilməsi məqsədilə xüsusi icazənin verilməsi üçün dövlət rüsumu, həmçinin iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət (DİN) və mühafizə (AAYDA) avtomobili ilə müşayiəti, eləcə də marşrutun müəyyən edilməsi üçün xidmət haqqı müəyyən ediləcək.
Tərəfdaş dövlətlərin çoxsaylı müraciətləri nəzərə alınmaqla yol vergisi çərçivəsində “qət edilən yolun hər kilometr” üçün hesablanan məbləğ yüklə birlikdə ümumi çəkisi “38 tondan 41 tonadək” olan nəqliyyat vasitələrinə münasibətdə ləğv edilir.
Digər dövlətlərdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi çərçivəsində əlavə məbləğin hesablanması təcrübəsi olmadığından, eləcə də tranzit potensialının genişlənməsinə müsbət təsir göstərəcəyini nəzərə alaraq yol vergisi çərçivəsində “Təhlükəli yüklərin daşınmasına görə” hesablanan məbləğ ləğv edilir.
コメント