top of page

Metrodakı səs-küydən herpesə kimi: Gəncləri eşitmə itkisinə məruz qoyan səbəblər


"Gənclərdə eşitmə itkisi artıq nadir hadisə deyil".

Bu barədə rusiyalı həkim-audioloq-otorinolarinqoloq Yelena Baybakova danışıb.

Onun sözlərinə görə, bunun ən çox yayılmış səbəblərindən biri qulaqlıqlardır.

"Nəzarət olunmayan yüksəksəsli musiqi, xüsusən də metro vibrasiyası ilə birləşdikdə, güclü zədələyici təzyiq yaradır", - deyə o xəbərdarlıq edib.

Mütəxəssis səs-küyü batıran qulaqlıqlardan istifadə edilməyəndə bu halın daha çox müşahidə olunduğunu vurğulayıb və bildirib ki, insan hər gün özünü belə səs yükünə məruz qoyarsa, eşitmə itkisi artıq geri dönülməz hala çevrilər.

"Elə gənc pasiyentlərim olub ki, onların audioqramı vibrasiya və səs-küylə işlədiyi üçün "peşəylə əlaqədar eşitmə itkisi" olan insanlarınkına bənzəyib. Bu, əsl akustik travmadır", - deyə həkim bildirib.

Baybakova eşitmə itkisinin digər səbəbi kimi qulaq kirini göstərib.

"Qulaqda bir kütlə əmələ gəlir, su ilə təmasda yumşalır və keçidi bağlayır", - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, bəzən insanlar təmizlik üçün pambıq çöpündən istifadə edirlər.

"Bu, qulaq kirinin daha dərinə nüfuz etməsinə və tıxac yaranmasına səbəb olur", - deyən mütəxəssis qulaq təmizliyi üçün salfet və ya dəsmaldan istifadəni məsləhət görüb.

LOR həkimi həmçinin tıxacı özbaşına çıxarmamağı qətiyyətlə tövsiyə edib. O, pambıq çöpləri ilə yanaşı, kibrit, sancaq kimi əşyalarla qulaq təmizliyini də təhlükəli adlandırıb, iltihaba və yaralamalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Otorinolarinqoloq geri dönüşü olmayan eşitmə itkisinin otit, otoskleroz və herpes kimi xəstəliklər səbəbindən ola biləcəyini də açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyətdə insanın ümumi halı xəstəliyin şiddətindən və müalicəyə başlama vaxtından asılıdır.

Comentarios


bottom of page