"Baş məşqçi hansı mövqedə şans versə, orada da oynayacağam. Bu barədə mənimlə danışır, əsl mövqeyimin hücumçu olduğunu da bilir. Burada hər hansı bəhanə axtarmamalıyıq".
Mugantv xəbər verir ki, bunu "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Ümraniyespor"la 2:2 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının XXVII tur oyunundan sonra "Kon TV"yə açıqlamasında deyib.
26 yaşlı hücumçu komandasına assist və qollarla fayda verməyi səbirsizliklə gözlədiyini bildirib: "Ümid edirəm ki, növbəti qarşılaşmada bu səddi aşa biləcəyəm".
Emreli "Ümraniyespor"la matçdakı nəticənin ədalətli olduğunu söyləyib: "Oyunun sonları daha yaxşı və bol qollu alındı. Səfərdən üç xalla qayıtmaq istəyirdik, amma qismət olmadı. Düşünürəm ki, ən azından son dəqiqə qolu ilə heç-heçə əldə etdiyimiz üçün sevinməliyik. Çünki milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra toparlanmaq komanda üçün çətin oldu. Bəzən belə çətinliklər ola bilər. Düşünürəm ki, növbəti görüşdə daha yaxşı oynayacağıq və üç xal qazanacağıq".
Comments