“Azərbaycandakı karyeramın uğurlu alınmaması mənə qaranlıq qaldı”.
Bunu açıqlamasında qış transfer dönəmində “Sumqayıt”dan ayrılaraq Portuqaliyanın “Belenenseş” klubuna keçən Filipe Çabi deyib.
Portuqaliyalı yarımmüdafiəçi cəmi 6 ay formasını geyindiyi “Sumqayıt”da istədiyi oyunu göstərə bilməməsinə münasibət bildirib: “Özümü fərqli ölkədə sınamaq istəyirdim. Bu mənada Azərbaycan variantı cəlbedici gəlirdi. “Sumqayıt” rəhbərliyi ilə danışıq zamanı mənə qarşı mehribanlıq, xoş münasibət gördüm. Ancaq etiraf etməliyəm ki, orada tam potensialımı aça bilmədim. Bəlkə də, ilk dəfə Portuqaliyadan kənara çıxdığım üçün istədiyim kimi alınmadı. Halbuki, komandaya, ölkəyə uyğunlaşma problemi yaşamamışdım”.
29 yaşlı pleymeyker “gənclik şəhəri” təmsilçisində istədiyi qədər oyun şansı əldə etmədiyini etiraf edib: “Açığı, oyun praktikası baxımından istədiyim qədər meydanda ola bilmədim. Baş məşqçi belə məsləhət bilmişdi, mən də buna hörmətlə yanaşırdım. Meydanda olduğum vaxtlarda “Sumqayıt”ın uğuru üçün əlimdən gələni etdim. Ancaq həmin ərəfədə komanda olaraq enişdə idik. Bu da hamı kimi, mənim də performansıma mənfi təsir göstərmişdi”.
Çabi Azərbaycan Premyer Liqasının səviyyəsini yüksək qiymətləndirib: “Sumqayıt”a gələnə qədər daha çox əvəzedici komandalarda və aşağı liqada çıxış edirdim. “Sumqayıt”ın heyətində Premyer Liqada oynamaq fərqli həyəcan oldu. Azərbaycan çempionatı heç də zəif liqa deyil. Kənardan fərqli görünə bilər, ancaq orada müntəzəm oynamaq üçün rəqabətə hazır olmalısan”.
Qeyd edək ki, Filipe Çabi mövsümün ilk yarısında “Sumqayıt”ın heyətində Premyer Liqada 15 oyun keçirib.
コメント