Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçəklər qoyublar.
Muzeyin açılış lenti kəsilib, qonaqlar muzeyin müxtəlif bölümləri, eksponatları ilə tanış olublar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Dostluq Muzeyi haqqında geniş məlumat verərək xalqlar və dövlətlər arasındakı tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışıb.
O, Özbəkistanla əlaqələrin daim Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını, dövlət başçılarımızın görüşləri, günü-gündən inkişaf edən əməkdaşlğımızın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.
Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin uzun illər ərzində hazırladığı Azərbaycan-Özbəkistan Dostluq Muzeyində işlərin bu günlərdə başa çatdığını, muzeydə Azərbaycan və Özbəkistanın tarixi dostluğu, ümumi dəyərlərimiz, dövlət rəmzlərimiz, xəritələr, milli mədəni irsimiz, xalqlarımızın yaxınlığını əks etdirən guşələr və eksponatlar, maketlər, maraqlı nəşrlərin yer aldığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin, dostluq və əməkdaşlığın qurulmasında misilsiz xidmətləri olduğunu qeyd edərək, məhz bu səbəbdən muzeyin açılışının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniyeva ulu əcdadlarımızdan bizə miras qalan Azərbaycan və özbək xalqları arasında tarixi dostluq Nizami Gəncəvi ilə Əlişir Nəvai, Məhəmməd Füzuli kimi tarixi şəxslərin timsalında qədim köklərə sahib olmuş, Ümummilli Lider Heydər Əliyev və Özbəkistan lideri Şərəf Rəşidov arasında davam etmiş, bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində bu münasibətlər tarixdə öz intibah dövrünü yaşadığını söyləyib.
Özbəkistan Respublikası Nazirlər kabineti yanında Beynəlxalq Münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədr müavini Azamat Toşov dövlətlərimizin çoxmillətli və çoxmədəniyyətli ölkə olduqlarını qeyd edərək, ölkələrimizdə müxtəlif millətlərin qarşılıqlı hörmət, dinc, mehribanlıq və tolerantlıq prinsipi ilə yaşaması ilə fəxrlə bildirib. O, mədəni əlaqələrimiz haqqında danışaraq, bu işdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu qeyd edib.
Azamat Toşov Muzeydə Özbəkistanda tanınmış azərbaycanlıların büstlərinin qoyulması, onlara dair xüsusi bölümün yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Daha sonra çıxış edən Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Mətbuat Mərkəzinin rəhbəri Şerzodxan Qudratxoca açılan Dostluq Muzeyinin iki qardaş xalq arasında qədim dövrdən başlayan mədəni-ədəbi əlaqələrin, dostluq münasibətlərinin, çoxsaylı ortaq dəyərlərimizin, adət-ənənlərimizin əyani vəsaitlərlə, unikal eksponatlarla və guşələrlə nümayiş etdirdiyini bildiriblər. Onlar muzeydə iki xalqın ortaq dəyərlərini – dilimizi, dinimizi, adət və ənənələrimizi, habelə qədim dövrlə müasir dövrün eyni məkanda canlandırıldığını qeyd edərək belə bir muzeyin, böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin yubileyi münasibətilə açılmasının da hər iki xalq üçün tarixi hadisə olduğunu vurğulayıblar.
Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Cənnət İsmayılova yüksək muzeyşünaslıq zövqü və yaradıcılıq şövqü ilə qurulmuş bu muzeyin bir model olaraq gələcəkdə yeni muzeylərin yaradılmasında tətbiq edilməsinin çox faydalı olacağını qeyd edib. O, bu Dostluq Muzeyi vasitəsi ilə iki xalq, dövlət arasında tarixi dostluğu, qohumluğu, əməkdaşlığı geniş tərənnüm edən unikal bir ocaq yaradıldığını bildirib və nümayiş etdirən eksponatların düşünülmüş məntiqli təşkil edildiyini, ziyarətçiyə təsir edən uğurlu bir təqdimat növünün seçildiyini söyləyib.
Dostluq Muzeyində dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin görüşləri, onların ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq, xalqlarımızın yaxınlığı ilə bağlı fikir və şüarları, 2020-ci ildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən torpaqlarımızı erməni işğalçılarından azad edilməsinə dair fotostendlər yerləşdirilib.
Muzeyin mərkəzi hissəsində Azərbaycan və özbək xalqlarını birləşdirən dəyərlərə dair Azərbaycan rəssamları tərəfindən çəkilmiş unikal rəsm, habelə xalqlarımızın yaxınlığını göstərən ortaq dəyərimiz olan dilimiz, dinimiz, milli bayramımız olan Novruz, muğam və makom sənəti, aşıq və baxşıçılıq sənəti, hər iki ölkədə keçirilən beynəlxalq musiqi festivallarına dair stendlər, guşələr, maketlər, geyimlər, milli musiqi alətlərimiz və çox sayda eksponatlar sərgilənir.
Muzeyin “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı bölməsində qardaş Özbəkistanın ictimai, mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Məqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltəraş Eynulla Əliyev, rəssam Yusif Hüseynov, rəssam Yusif Hüseynovun büstləri, onların əsərləri və şəxsi əşyaları təqdim olunur.
Mərasimdə qeyd olunub ki, Azərbaycan-Özbəkistan dostluq muzeyinin açılması cəmiyyətimizə və gənc nəsillərə tarixi dostluğumuzu və əməkdaşlığımızı nümayiş etdirmək, xalqlarımızın yaxınlığı, ümumi mədəni dəyərlərimizi geniş təbliğ etmək üçün yaxşı imkan yaradacaq.
Comments