Azərbaycanda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiymətinə yenidən baxılması təklif olunur.
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, vətəndaşların dərman təminatına əlçatanlığının yaxşılaşdırılması, dərmanların qiymətlərinin optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülməsinə ehtiyac var: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl klinikaların sayı 100-ü keçib. Bu yaxşı göstərici olsa da, icbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma olmasını doğru hesab etmirik. Hazırda vətəndaş müalicə və müayinə üçün icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətlər müvafiq tibb müəssisələrində olmadığı halda və dövlət xəstəxanasının göndərişi əsasında müraciət edə bilər. Bu da onun tibb müəssisəsini və həkimi seçmək hüququnun pozulması olmaqla yanaşı, özəl klinikaları da dövlət klinikalarından asılı vəziyyətə salır. Bu da inhisarçılıq və digər neqativ hallara yol açır. Bu qüsurlu yanaşma aradan qaldırılmalı, klinikalar arasında sağlam rəqabətə şəraiti yaradılmalı, göndəriş qaydası təkmilləşdirilərək sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır.
"Digər bir narahatlıq isə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiyməti ilə bağlıdır. Bu qiymətlərə də yenidən baxılmasını təklif edirəm”, - M.Quliyev bildirib.
Comments