“İşğaldan azad edilmiş ərazilərin bərpası üçün bu ilə nəzərdə tutduğumuz investisiya planında 2,2 milyard dollar pul nəzərdə tutulur. Hazırda onun yarısı bölünüb, yarısı bölünməmiş qalır. Ümumilikdə məbləği hesablamaq çox çətindir. Çünki bu, görüləcək işlərin həcminə bağlıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, biz bu torpaqlara yeni gəlmişik: “Hələ ki, tam analiz, təhlil aparılmayıb. Bu təhlillər aparılandan sonra daha dəqiq rəqəmlər çıxacaq. Ancaq şübhəsiz bu, bir neçə milyard dollar vəsait tələb edəcək. İndi təsəvvür edin ki, biz 3 hava limanı inşa edirik, yüz kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr avtomobil yolları çəkiləcək - həm şəhərlərarası, həm də kəndlərarası... Bütün kəndlərə asfalt yolu çəkiləcək, elektrik enerjisi bütün bölgələrdə bu ilin sonuna qədər bütün layihələr icra ediləcək. Ondan sonra içməli su və onunla bağlı işlər, əkin işlərinin aparılması üçün, 1 milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman müəssisələri, mədəniyyət ocaqları... hesablamaq çox çətindir. Ona görə biz hər il üçün müəyyən büdcə ayırdıq. 2,2 milyard dollarlıq büdcə hələ son rəqəm deyil. Biz görsək ki, bu il üçün bu, bəs etmir, onda əlavə edəcəyik. Çünki bu gün bizim Qarabağın bərpasından başqa əhəmiyyətli işimiz qalmadı. Çünki hətta əsas struktur layihələri artıq gerçəkləşib. Ölkə qarşısında duran çox ciddi inşaat layihələri də yoxdur. Ona görə bütün gücümüzü biz ora yönəldirik. Görüləcək işlər arasında özəl investisiyalar da əhəmiyyətli yer tutmalıdır. Bərpa olunan, yenilənən enerji növlərini özəl qurumlar öz üzərinə götürərsə, təbii ki, dövlətin boynuna düşən yük daha az olacaq. Hər halda burada keyfiyyət və zaman vacibdir. Əlbəttə ki, məsrəflərdən səmərəli istifadə etmək də vacibdir”.
Comments