top of page

Almaniyada son 30 ilin ən irimiqyaslı xəbərdarlıq tətili keçirilir


Martın 27-də Almaniyada nəqliyyat işçilərinin son 30 ilin ən irimiqyaslı xəbərdarlıq tətili başlayıb.

Bu barədə “DW” məlumat yayıb.

Bildirilib ki, tətil “EVG” Dəmiryolçuların Həmkarlar İttifaqı və “Verdi” Həmkarlar İttifaqının təşəbbüsü ilə keçirilir. Xəbərdarlıq xarakterli etiraz aksiyası 24 saat davam edəcək. Bu, ölkə ərazisində bir çox nəqliyyat vasitələrinin fəaliyyətinə təsir göstərəcək.

Məlumata görə, martın 27-də Hamburq, Hannover, Dortmund, Drezden, Düsseldorf, Leyspiq, Münxen, Nürnberq, Frankfurt-Mayn, Ştutqart, eləcə də Köln-Bonn hava limanlarında, demək olar ki, bütün reyslər ləğv edilib.

Berlin hava limanının fəaliyyəti davam etsə də, tətillər keçirilən şəhərlərin aeroportlarına təyyarələr uçmur.

“Deutsche Bahn” dəmiryolu konserni də Almaniya üzrə uzaq məsafəli qatarların hərəkətini dayandırdığını elan etsə də, bu halın martın 28-i səhər saatlarında da davam edəcəyi gözlənilir. Vurğulanıb ki, “DB Regio” operatoru da tətilə qoşulduğu üçün şəhərətrafı qatarların əksəriyyəti işləməyəcək.

Bildirilib ki, Almaniyanın 7 rayonunda ictimai nəqliyyatın bir hissəsinin hərəkəti ləğv edilib: Baden-Vürtemberq, Bavariya, Hessen, Aşağı Saksoniya, Reynland-Pfalz, Saksoniya və Şimali Reyn-Vestfaliya.

Almaniyanın avtoban operatoru da tətilə qoşulub. Şirkət fövqəladə hallar xidmətləri üçün planlaşdırılan razılaşmalara istinad edərək tunellərin bağlanması ilə bağlı narahatlıqları rədd edib.

Məlumata görə, tətildə 350 minə yaxın nəqliyyat işçisinin iştirak edəcəyi gözlənilir.

Həmkarlar ittifaqları nəqliyyat işçilərinin aylıq əmək haqlarının 10,5-12 faiz, yaxud 500-650 avro artırılmasını tələb edir.

“Verdi” şirkətinin rəhbəri Frank Verneke bildirib ki, tətil Almaniyada 1992-ci ildən bəri ən böyük tətil olacaq. Onun sözlərinə görə, bu aksiya həmkarlar ittifaqları ilə Almaniya hökumətinin nümayəndələri arasında martın 27-29-da Potsdamda keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundu ilə eyni vaxtda keçirilir.

Коментарі


bottom of page